Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Kano, Potiskum, Azare, Qaşua, Ciqava və Nigeriyanın digər bölgələrindən olan zəvvarların iştirak etdiyi karvan həzrət İmam Hüseynin (ə), onun ailəsinin və vəfalı səhabələrinin Kərbəla hadisəsində şəhadətinin qırxıncı gününü anmaq məqsədilə yürüşünə Kano şəhərindəki "Qafar Nasarava" yerüstü körpüsünün alt keçidindən başlayıb.
Yürüş başlamazdan əvvəl jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda Şeyx İbrahim Zəkzakinin (Allah onu qorusun) Kano və ətraf bölgələr üzrə nümayəndəsi olan doktor Sənusi Əbdülqadir Ərbəin yürüşünün məqsəd və fəlsəfəsini izah edib, Aşura hadisəsinin tarixi mahiyyətini açıqlayıb və İmam Hüseynin (ə) qiyamının İslam cəmiyyəti üçün ən mühüm dərs və mesajlarını bəyan edib.
Mətbuat konfransından sonra iştirakçılar nizamlı karvanlar şəklində Zariya yolu ilə "Unqva Uku" istiqamətinə hərəkət edib, daha sonra isə "Naibava" marşrutu ilə "Dan Qauro" bazarına doğru yürüşlərini davam etdiriblər.
Ərbəin yürüşü hər il Nigeriyanın müxtəlif bölgələrində minlərlə şiə və Əhli-beyt (ə) sevərinin iştirakı ilə keçirilir. İştirakçılar İraqdakı misilsiz Ərbəin yürüşündən ilham alaraq Aşura hərəkatının ideallarına sadiqliklərini bir daha bəyan edir, ədalət, azadlıq və zülmə qarşı mübarizə mesajının davamlılığını vurğulayırlar.







Rəyiniz